Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi formal xarakter daşımayır

Qoşulmama Hərəkatının yaradılması ideyası  1955-ci ildə Bandonq konfransında, İndoneziyada irəli sürülüb. 1961-ci ildə isə  Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib. Azərbaycanın güc və potensialının dünya birliyi tərəfindən etiraf olunmasının nəticəsi ondan ibarətdir ki, ölkəmiz qısa müddət ərzində Hərəkatın üzvləri arasında böyük hörmət qazandı; 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Üstəlik, Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Azərbaycan həm  Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun möhkəmlənməsində öz rolunu oynadı, həm də bu qurum daxilində  öz nüfuzunu möhkəmlətdi. Bu nüfuzun sayəsində Vətən Müharibəsinə beynəlxalq dəstək ortaya qoyuldu.Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi bizim bu qurumla münasibətlərimizin davamlı olmasını şərtləndirir və Azərbaycan təşkilatın tribunasından dünyaya artıq qalib ölkə kimi bəyanatlar verir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova