Soyqırımı aktı

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək  bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.  Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir. Prezident cənab İlham Əliyevin faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verir. Bütün bunlar gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər. Azərbaycan gəncləri bəşəriyyətə qarşı amansız cinayət olan Xocalı soyqırımını heç vaxt unutmamalı, ədalət bərpa olunanadək bu vəhşiliyin dünyaya bəyan edilməsi uğrunda mübarizə aparmalıdırlar.

 Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov