Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir.
Ölkəmizdə icra edilən elektrik enerjisi layihələrinin sırasına fevralın 13-də biri də əlavə olundu. Həmin gün müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik-elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu istilik elektrik stansiyası Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama əsasən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində yaradılır. Bu məqsədlə yeni elektrik stansiyasında İtaliyanın “Ansaldo Energia” şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin “Dongfang Electric” şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılacaq. Bundan əlavə, yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək. Beləliklə, Azərbaycanın enerji sistemində 1280 meqavatlıq yeni və nəhəng elektrik stansiyası yaradılacaq. Bu stansiya “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar ediləcək.
Paralel olaraq, ümumi səmərəliliyi artırmaq üçün “Azərbaycan” İES-in 7-ci və 8-ci enerji bloklarının mövcud buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilərək 1280 meqavatlıq yeni stansiya ilə əlaqələndiriləcək. Bunun da nəticəsində ümumi güc 1880 meqavat təşkil edəcək. Bu da il ərzində 0,8-1,2 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Hazırda prioritetlərdən biri də “yaşıl” və hidrogen enerji güclərinin artırılmasıdır. Respublikamızda bu sahədə enerjinin əldə edilməsi üçün böyük mənbələr və imkanlar var. Ona görə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də “yaşıl enerji” ilə bağlı hədəflər müəyyən olunub. O cümlədən işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması qarşıda duran mühüm vəzifələr sırasındadır. Yuxarıda adıçəkilən “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının və Qaradağ Günəş-Elektrik Stansiyasının inşası bu hədəflərə doğru atılan addımlardır.
Prezident İlham Əliyev təməlqoyma mərasimində bu barədə danışaraq qeyd etdi ki, yaxın vaxtlarda üçüncü stansiyanın da inşası başlayacaq və bu, təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək-elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni bu, doğrudan da, çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.
Respublikamızın əsas hədəflərindən biri də Avropaya elektrik enerjisinin ixracıdır. Artıq ötən ilin dekabrında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” də imzalanıb. Fevralın 3-də Bakıda “Yaşıl Enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilib. 1280 MVt gücündə istilik-elektrik stansiyasının təməlinin qoyulması bir daha göstərir ki, Azərbaycan tezliklə Avropaya həm də elektrik enerjisi ixrac edəcək.
Müharibə zamanı Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyən İtaliya şirkətləri hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında və bərpasında fəal iştirak edirlər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin deyil, böyük coğrafiyanın maraqlarını təmin edir. “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər – dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni bu, doğrudan da, çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”, – deyə Prezident İlham Əliyev təməlqoyma mərasimində bildirib.
Hər ötən il, hər ötən ay tariximizə yeni uğurlarla həkk olunur. Azərbaycanın müstəqillik dövrünün ən böyük İES-nin təməlinin qoyulması bunu təsdiq edir. Beləliklə, neftin və təbii qazın ardınca Azərbaycan elekrtik enerjisinin də ixracatçısına çevrilmək yolunda qətiyyətli addımlar atır. Bu baxımdan təməli qoyulan yeni istilik elektrik stansiyası Azərbaycanın qlobal enerji bazarlarında iştirakını daha da gücləndirəcək.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı