Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduq. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: “Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş  redaktor müavini