Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevriləcək

Hazırda Avropanın gündəliyini zəbt edən əsas məsələlərdən biri də enerji təminatıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən Avropa ölkələri enerji ilə bağlı böhran yaşayırlar. Onlar bu böhrandan çıxmaq üçün yollar axtarırlar. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan belə bir vaxtda enerjiyə ehtiyacı olan Avropa ölkələrinin diqqətini cəlb edir.

Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Avropada orta güc hesab edilən Macarıstana səfəri xüsusi önəm daşıyır. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən Birgə Bəyannamənin imzalanması iki ölkə arasında əlaqələrin daha yüksək mərhələyə keçdiyini deməyə imkan verir.

Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə səfər edən Prezident İlham Əliyev təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Görüşlərdə Azərbaycan və macar xalqlarının dostluq əlaqələrindən danışan dövlətimizin başçısı bu dostluğun Avrasiya qitəsi üçün böyük önəm daşıdığını da vurğuladı. NABUKKO layihəsinin bərpa edilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevriləcəyini də diqqətə çatdırdı. Enerji təminatında Azərbaycanın sadiqliyini yüksək qiymətləndirən Macarıstanın Baş naziri Viktor Orban isə ölkəsinin NABUKKO layihəsinin bərpasında maraqlı olduğunu dilə gətirdi. Layihənin əhəmiyyətdən danışan Baş nazir layihəni regional deyil, pan-Avropa məsələsi kimi dəyərləndirdi.

Danışıqlarda macar şirkətlərinin tezliklə işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında konkret layihələrə başlayacağı da müzakirə edildi. Çünki Macarıstanın şəhərsalma istiqamətində böyük təcrübəsi var və bu ölkədən çox şey öyrənməyə dəyər.

Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik toplantısının keçiriləcəyini diqqətə çatdıran deputat toplantıda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın yaşıl enerjinin Azərbaycandan Avropaya ötürülməsi ilə bağlı geniş müzakirələr aparacaqlarını da qeyd edib. Yanvarın 30-da strateji tərəfdaşlığın dərinləşməsinə dair iki ölkə arasında Macarıstanda imzalanan Birgə Bəyannamə həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi gücləndirəcək. Macarıstan Azərbaycan qazını istehlak etməklə yanaşı, həm də onu digər Avropa ölkələrinə tranzit edəcəkdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Azərbaycanla Macarıstan dost və strateji tərəfdaşdırlar

Azərbaycanın xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq xüsusi önəm daşıyır. İllər keçdikcə əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə edilir. Enerji təhlükəsizliyi məsələləri bu gün dünyada xüsusi əhəmiyyət kəsb edir və dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin reallaşdırılmasına yol açır ki, bu da öz növbəsində dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin yanvarın 29-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşləri, iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması münasibətlərin dünəninə baxış əsasında qarşıda dayanan hədəflərə işıq saldı. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Azərbaycanın uğurlarının fonunda tərəfdaşlarının çoxluğunu böyük səmimiyyətlə bildirən Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, iki dövlət arasında dərin əməkdaşlığı yüksək dəyərləndirir və bu əlaqələr gələcəkdə də davam edəcək.

 Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Əməkdaşlıq hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır

Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bu günədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunda mövcud imkanları da dünyanın diqqətindədir. Hazırda günümüzün əsas çağırışları sırasında yaşıl enerji sahəsində əlaqələrin qurulması xüsusi yer tutur.

Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Təkcə ötən il enerji sektorunda imzalanan iki sənədi qeyd etmək kifayətdir. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Həmçinin ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında yaşıl enerjinin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

İmzalanan sənədləri əlaqələrin gələcək inkişafının yol xəritəsi kimi qeyd etmək olar. Strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Macarıstan yeganə Avropa ölkəsidir ki, Türk dünyasına inteqrasiya olunmaqda maraqlıdır

Azərbaycan-Macarıstan əlaqələri 30 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.

Macarıstan yeganə Avropa ölkəsidir ki, Türk dünyasına inteqrasiya olunmaqda maraqlıdır. Bu ölkə 2018-ci ildən Türk Dövlətləri Təşkilatında (o zaman Türk Şurası adlanırdı) müşahidəçi statusu qazanıb. Türk coğrafiyasının Avropaya körpüsü rolunu oynayan Macarıstan Mərkəzi Asiya və Azərbaycanın enerji resurslarının çatdırılmasında mühüm tərəfdaşdır. 2019-cu ildə Bakıda Türk Şurasının VII Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü iki ölkə arasında, eləcə də ümumilikdə Türk Şurası çərçivəsində əlaqələr və əməkdaşlığın daha da inkişafı baxımından irəliyə doğru atılmış addım oldu. Görüşdə Prezident İlham Əliyevin iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulaması, öz növbəsində, Baş nazirin “Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda Sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır” fikrini səsləndirməsi dövlətlərarası münasibətlərdə hər iki ölkə başçısının səylərini əsirgəmədiyini göstərir. Macarıstan hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qarabağ hələ işğal altında olarkən Macarıstan Azərbaycanın haqq səsinin və həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.

Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəminin artdığı bir zamanda Macarıstan qaz təchizatını artırmaq, daxili tələbatlarını ödəmək və qlobal bazarda münaqişəli tərəflərdən qaz asılılığını aradan qaldırmaq baxımından Azərbaycanın strateji enerji layihələrində daha çox yer almaq istəyir. Azərbaycan Cənub və Cənub-Şərqi Avropa ölkələrinin mavi yanacaqla təminatında etibarlı və səmərəli tərəfdaşdır.

Azərbaycan və Macarıstan yeni Şərq-Qərb nəqliyyat marşrut xətti olan Zəngəzur dəhlizi, Orta Dəhlizdə ticari, iqtisadi əlaqələrin qurulması, beynəlxalq və regional logistika sahəsində ortaq maraqları ifadə edirlər. Bu istiqamətdə ümumi təşəbbüslərin göstərilməsi, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində gələcəkdə daha geniş imkanları özündə ehtiva edir.

Macarıstan şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarda yenidənqurma işlərində iştirak etmək əzmində olmaları, habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı 120 milyon ABŞ dolları kredit xətti, ərazilərin minadan təmizlənməsi işinə maliyyə vəsaiti ayırması dostluq münasibətlərinin müsbət yöndə olmasına bariz nümunədir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu gün iki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Eyni zamanda, Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Hər iki ölkə bu gün həm də qlobal layihələrin mərkəzi aktorları kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu mənada Azərbaycan-Macarıstan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya üçün çox böyük önəm daşıyır.

Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan ilə Macarıstan arasında ali səviyyədə siyasi dialoq mövcuddur, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Hazırda Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Bu gün artıq Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyət göstərmək niyyətlərini nümayiş etdirirlər. Bir fakt da qeyd edilməlidir ki, Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25 min avro ianə edib.

Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin biri kimi Macarıstanla inkişaf edən əlaqələri bu sahədə də böyük üstünlüklər vəd edir. Elə dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan da Macarıstana yüklərin ötürülməsi bunun əyani sübutudur.

Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisi olubdur. Bu səfər göstərib ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq. Macarıstanın Baş nazirinin Prezident İlham Əliyev haqqında dediyi fikirlər isə dövlətimizin başçısına olan inam və etimadın növbəti dəfə isbatı idi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Azərbaycan bütün Avropa üçün strateji tərəfdaş ölkədir

Azərbaycanın Avropa dövlətləri ilə ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əməkdaşlığının hazırkı inkişaf səviyyəsi göz önündədir. Ölkəmizin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi, uğurlu enerji diplomatiyası beynəlxalq səviyyədə dəstəklənir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi günümüzün əsas çağırışıdır. Azərbaycan öncə regional çərçivədə əlaqələrin qurulmasına maraq göstərsə də illər keçdikcə bu əməkdaşlıq beynəlxalq səviyyəyə yüksəldi. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi 2020-ci ilin sonlarında tam tərkibdə istifadəyə verildi. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da  Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə  bu ölkəyə rəsmi səfəri, səfər çərçivəsində Macarıstan Prezidenti xanım Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirməsi, iki ölkə arasında əlaqələrin gələcək inkişafında möhkəm hüquqi bazaya çevrilən sənədlərin imzalanması, Prezidentlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu, enerji diplomatiyasının nümunəviliyini bir daha  təsdiqlədi.  Cənab İlham Əliyevin sözügedən səfəri dövlət başçısı kimi Macarıstana dördüncü səfəri idi. Hər bir səfər münasibətlərdə yeni səhifənin açılması kimi xarakterizə edilir.

Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də iki ölkənin digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsi üçün mövcud imkanlar xüsusi qeyd edilir. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin ikinci dəfə imzalanması iki ölkə arasında münasibətlərin təqdimatında mühüm rol oynayır. Həmçinin iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumları da imzalandı ki, bu mühüm addımlar hər iki tərəfin münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünya enerji xəritəsini uğurlu layihələri ilə dəyişmək imkanlarına malk olması, təbii ki, Avropa İttifaqının, ona üzv dövlətlərin diqqətindən kənarda qala bilməz. Hazırda Azərbaycanın bərpaolunan enerji sahəsində mövcud imkanları geniş təhlil edilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Macarıstan səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir söyləyən millət vəkili bu uğurumuzu böyük əminliklə qeyd edib ki, ölkəmiz dünyada neft və qaz ilə yanaşı, həm də elektrik enerjisi ixracatçısıdır. Dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Bu torpaqlarımızın malik olduğu bərpaolunan enerji mənbələrinin potensialı Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” mərkəzinə çevriləcəyinə şübhə yeri qoymur.  Təkcə ötən il bu sahədə imzalanan iki sənədi qeyd etmək istərdik. 2022-ci ilin iyulunda ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını nəzərdə tutur.

Bu səfər iqtisadi və geostrateji üstünlüklərindən səmərəli istifadə etməklə yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini göstərir. Səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Səfərdə məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Keçirilən görüşlərdə Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi vurğulandı. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı xüsusi diqqətə çatdırıldı. Macarıstanın Baş naziri Viktor Orban onu da əlavə etdi ki, Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı üçün yeni imkanlar mövcuddur

Dövlət başçısı İlham Əliyevin son iki ildən artıq dövrdə xarici səfərlərində əsas diqqət göstərdiyi məsələlərdən biri postmünaqişə dövrünün reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri olur. Ölkə Prezidentinin bu günlərdə Macarıstana rəsmi səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatlarda iki ölkənin gələcək inkişafını özündə əks etdirən hədəflərin açıqlanması və sair kimi mühüm addımlar əsasında işğaldan azad edilmiş ərazilərimizlə bağlı görülən və görüləcək işlər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı bərpa-quruculuq işlərinə başlanan zaman bu prosesdə dost ölkələri, onların şirkətlərini də görmək istədiyimizi diqqətə çatdırmışdı. Cənab İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq.

Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə maraqlıdır. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər dağıdılıb.  Bütün infrastruktur işğal dövründə yerlə-yeksan edilib. Qarabağ və Şərqi Zəngəzur yenidən canlandılır, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır. Şəhərlərin, kəndlərin Baş planları hazırlanır. Azərbaycanın şəhərsalma təcrübəsi daim təqdir edilsə də daim irəli baxmağa, baş verən yeniliklərin də ölkəmizdə tətbiqinə maraq göstərən Azərbaycan Avropa dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməyə səy göstərir.

İkitərəfli əlaqələrin gündəliyinə çıxarılan məsələlər, həmçinin imzalanan sənədlər  Macarıstan və Azərbaycanın  iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirməkdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi bir-birinə  göstərməkdə maraqlı olduğunu təsdiqləyir: “Dövlət başçısı İlham Əliyev mətbuata Bəyanatında bu mühüm məqama da diqqəti yönəltdi ki, hazırda 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcək.”

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Ölkəmiz hər zaman birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir.

Azərbaycan dost və tərəfdaş ölkələrlə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Hazırkı dövrdə Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsində başlıca amil olan minatəmizləmə prosesi də Azərbaycanın əməkdaşlıq əlaqələrinin genişləndirilməsində xüsusi qeyd edilir: “Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Dövlət başçısı İlham Əliyev bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bildirdi. Bütün hallarda əsas hədəf Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinin tezliklə başa çatdırılması, soydaşlarımızın bu torpaqlara qayıdışı və ərazilərimizin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə edərək ölkəmizin dayanıqlı inkişafına dəstək olmaqdır.

Ölkəmiz hər zaman birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Yaradılan sabitlik və iqtisadi mühit ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyəcək layihələrin uğurlu icrasına yol açır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri də bunu deməyə əsas verir. Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında Avropanın enerji təhlükəsizliyinin həssas məqama qədəm qoyduğunu önə çəkərək bu reallığı diqqətə çatdırdı ki, yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, yeni tərəfdaşlar qazanması günümüzün əsas gerçəkliklərindəndir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Azərbaycan beynəlxalq aləmdə etibarlı və güclü müttəfiq kimi tanınır

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycan dünya diplomatiyasında rolunu və mövqeyini getdikcə daha da möhkəmləndirir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə beynəlxalq aləmdə etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Bu siyasi vəziyyət birdən-birə formalaşmayıb, bugünkü nüfuzlu, güclü Azərbaycan modelinin arxasında gərgin əmək, incəliklə düşünülmüş diplomatik manevrlər dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycan və onun siyasi rəhbəri dünyada sözünə etimad edilən etibarlı tərəfdaş kimi tanınır. Ali Baş Komandanın son üç ildəki ardıcıl xarici səfərləri və imzaladığı mühüm sənədlər bu sözlərin təsdiqidir.

Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Baş nazir Viktor Orbanın da qeyd etdiyi kimi Azərbaycanın strateji əhəmiyyəti artmaqdadır. Lakin biz Azərbaycana daim dost və tərəfdaş olan ölkələrlə də əlaqələrimizi qoruyuruq. Bu dövlətlərdən biri də qədim əlaqələrimiz olan Macarıstandır. Macarıstan üçün Azərbaycanın Xəzər dənizindəki və regiondakı rolu dövlətimiz üçün isə bu ölkənin Avropadakı mövqeyi tərəfdaşlığımıza güclü zəmin və şərait yaradır.

Azərbaycan enerji sahəsində dünya miqyasında mühüm rol oynayır və bu rol getdikcə daha da artır. Məhz uzun illər dövlətimizin xarici siyasət strategiyasının əsas məqsədi bu idi. Xarici sərmayəni cəlb etmək üçün ölkəmizdə əlverişli biznes mühiti yaradıldı və dövlətimiz böyük enerji şirkətlərini Azərbaycana gətirmək üçün daha geniş əlaqələrə sahib oldu. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Azərbaycanın imzaladığı tərəfdaşlıq haqqında sazişlərdir. Macarıstana səfər zamanı keçirilən görüşlərdə də enerji, kommunikasiya ilə yanaşı, müasir dövrün siyasi-iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər geniş müzakirə olundu. Təbii ki, daha çox diqqət yönəldilən məsələlərdən biri Avropanın enerji ilə bağlı gələcəyidir. Ötən dövrdə Azərbaycanla Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Son səfər zamanı imzalanan sənəd isə bu əməkdaşlıqların daha da genişlənməsi baxımından olduqca zəruridir. Həm Macarıstan, həm də Azərbaycan gələcəkdə Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaqlar.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc