Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq QANUNLA verilib.

Heydər Əliyevin imzaladığı 450 nömrəli fərman isə miras əmlak payının qanunla təsdiqlənmiş dövlət öhdəliyi olaraq özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməsini təmin edir. Son dövrlər ölkənin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Belə ki, bu günə qədər özəlləşdirmə sahəsində olan səhvləri və qanunsuzluqları aradan qaldırmağın bir yolu var. Bu, əllərdə qalmış 1 600 000 Özəlləşdirmə Payının infilyasiyadan qorunan əmlak ekvalenti dəyər qiyməti məlum olan Dövlət Əmlak İstiqrazları ilə əvəz edilməsidir.

Qeyd edək ki, əlində çekləri qalan yüz minlərlə vətəndaş haqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıblar. Müraciət müəllifləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” ilə əlaqədar olaraq dövlət başçısından tarixi qərar gözlədiklərini ifadə ediblər. Sözügedən məktubla tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

Mövzu ilə bağlı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Pia.az-a açıqlamasında bildirib ki, dövlət özünün verdiyi qiymətli kağızlara sahiblənməli və bu məsələdə yaranan narazılıqları aradan qaldırmalıdır:

“1996-cı ildə Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeklərinin verilməsi artıq hər kəsə məlumdur. Qəbul olunan qanuna əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalı idi.

Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyırdı. Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırmışdı, qiymətli kağız olaraq isə dollardan və digər valyutalardan dəyərli sayılırdı.

2011-ci ildə özələşdirmə çeklərinin müddəti başa çatsa da, mövzu hələ də öz aktuallığını qorumaqdadır. Hesab edirəm ki, dövlət özünün verdiyi qiymətli kağızlara sahiblənməli və bu məsələdə yaranan narazılıqları aradan qaldırmalıdır. Bu çeklərin insanların rifahı üçün fayda verəcək şəkildə istifadə olunmasını təmin etməlidir. Son zamanlar bəzi deputatların bu haqda danışmasını müsbət hesab edirəm. Çünki bu məsələ on minlərlə insanı əhatə edir, özümün ətrafımda da bu çekləri saxlayanlar var.

Nəzərə alsaq ki, bununla bağlı fərman zamanında Heydər Əliyev tərəfindən verilmişdir, onun 100 illiyində və eyni zamanda 2023-cü “Heydər Əliyev” ilində bununla bağlı müsbət qərarın verilməsi yerinə düşərdi.

Fikrimcə, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qayıtması iki tərəfdən müsbət nəticələrə yol aça bilər. Birincisi, on minlərlə insan uzun zamandır saxladığı və gözlədiyi çeklərin bəhrəsini görər. Bu, çətin postpandemiya və müharibə dövrlərindən sonra onlar üçün iqtisadi baxımdan fayda verər.

İkincisi, özəlləşdirmə çeklərinin dövriyyəyə qayıtması işğaldan azad olunmuş ərazilərimizdə yerli investisiyaların həcmini artıra bilər.

Hər bir halda düşünürəm ki, bu məsələ diqqətdə saxlanılmalıdır. Çünki burada məsələ tək maddiyat deyil, həmdə dövlətin prestijidir. Bu gün dövlət tərəfindən verilən qiymətli kağızlara qarşı etinadsızlıq yaranırsa, sabah həmin vətəndaş başqa bir məsələdə dövlətin qərarlarına necə etibar edəcək?! Ona görə də hesab edirəm ki, bu məsələ istənilən formada həll edilməlidir.

Vacib deyil ki, bunun üçün böyük miqdarda büdcədən vəsait ayrılsın, hökmən hər çek sahibinə ödənişlər edilsin. Vətəndaşa əsas lazım olan bu kağızların yenidən faydalı olmasıdır. Vətəndaş bu kağızlarla müəyyən güzəştlər əldə edə bilsə, indiki məlum narazılıqları aradan qaldıra bilər”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çeklərinin tədavülə buraxılması vətəndaşların sosial rifahına müsbət mənada təsir edəcək:

“Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Əgər özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir. Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, əlində çeki qalan vətəndaşların etirazı nəzərə alınmalı və ədalətli qərar verilməlidir. Ona görə də dövlət səviyyəsində bu məsələnin öz həllini tapması arzuolunandır. Sadəcə əvvəlki dövrdə baş verən sui-istifadə hallarının təkrarlanması üçün nəzarət mexanizmi düzgün şəkildə təmin edilməlidir”.