Gürcüstan bizim strateji tərəfdaşımızdır. Gürcüstanla münasibətlərimiz bizim üçün və gürcü dostlarımız üçün strateji əhəmiyyət kəsb edir.

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub və regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, Azərbaycan-Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında münasibətlərinin yaranması üçün əsas səbəblərdən biri olmuşdur. Mədəni, humanitar sahədə də iki ölkə arasında münasibətlər tarixi baxımdan bu gün də çox sıx və inteqrativdir. Turizmdən başlamış digər bütün mədəni mübadilələrə qədər ən müxtəlif sahələrdə qarşılıqlı münasibətlər sistemi də mövcuddur. İki qonşu ölkə istər beynəlxalq təşkilatlarda, istərsə də regional təşkilatlarda daima bir-birilərini dəstəkləyiblər. Ölkəmiz Gürcüstanın inkişafında ən fəal və davamlı investisiya yatıran ölkə kimi mühüm mövqeyə malikdir. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova