Azərbaycanın Ərəb Liqası Sammitində iştirakı dostluq və hörmət nümunəsidir.

Azərbaycan dövləti hər zaman islam ölkələri ilə əlaqələrin genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra MDB məkanından ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu gün də Azərbaycan İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfələr verməkdə davam edir. Azərbaycanın Liqa və onun üzvləri ilə əməkdaşlıq etməsi qarşılıqlı siyasi, geosiyasi və iqtisadi maraqlar baxımından olduqca əhəmiyyətlidir.  Müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə,  milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Geniş İslam coğrafiyası və ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə siyasi dividentlər qazandırır. Xalqımızın tarixi mənəvi-dini dəyərlərinə böyük hörmətlə yanaşan Azərbaycan dövləti qlobal miqyasda İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova