2020- ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Uzun illər davam edən və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərən Azərbaycan aparılan sülh danışıqlarında daim konstruktivlik göstərməklə paralel şəkildə özünün iqtisadi gücünü artırdı, maliyyə imkanlarını genişləndirdi və müasir, güclü ordu yaratmağa nail oldu. Vətən müharibəsində şanlı Qələbəmiz də məhz Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın həmrəyliyi və yenilməz ruhu sayəsində əldə olundu. Düşmən onilliklər ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə istehkamlar qurmuşdu və elə hesab edirdi ki, Azərbaycan Ordusu bu sədləri heç vaxt keçə bilməz. Ancaq rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək peşəkarlıq, Vətənə sonsuz məhəbbət nümayiş etdirərək işğalçı Ermənistanın silahlı birləşmələrini darmadağın etdi. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.

Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunası məsələ yoxdur. Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etdi .Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağ münaqişəsinin tarixdə qaldığını xüsusilə vurğulamaqla üçtərəfli görüşdən öncə qəti mövqeyini ifadə etmiş oldu və möhtəşəm mövqedən çıxış etdi.

Soçidə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Bu görüş bir daha təsdiq etdi ki, Prezidentimiz cənab  İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı qəbul edilir.

 

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov