İki əsrdən artıq Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir.Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olmuşdur. Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazsində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi memarlıq abidələri, karvansalar, imarətlər, məscidlər, qəbiristanlıqlar, və s. mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmişdir. 1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan 250 minə yaxın azərbaycanlı deportasiya edildi və Azərbaycanlılara məxsus tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən dağıdıldı. İşğal illərində Azərbaycan torpaqlarında ermənilər azərbaycanlılara məxsus maddi-mənəvi irsin məhv edilməsi və yer üzündən silinməsi prosesini həyata keçirirdilər. Erməni vandalları işğal müddətində Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətləri vəhşicəsinə talan edərək Ermənistana daşıyırdılar. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri erməni tarixinin bəzi məsələlərini nəzərə almağı zəruri edir. Bu təcavüzkarlıq siyasəti erməni tarixinin mahiyyətindədir. Məhz buna görə də beynəlxalq və daxili vəziyyətin imkan vediyi tarixi şərait yaranan kimi ermənilər xəyanətkar niyyətlərini reallaşdırmaq üçün bütün vasitələrdən istifadə etmişlər.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova