Erməni terroristlərinin 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü tarixi-mədəni irsimizin ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli  tarix və mədəniyyət abidələri olub. Erməni vandallığı nəticəsində bütün bu abidələrimiz məhv edilib. İşğal altında qalmış Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 65-i tamamilə dağıdılıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər isə öz əxlaqsızlıqlarını bir daha nümayiş etdirərək, məscidlərimizin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələrimiz də məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılıb.

Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da dağıdılmış və talan olunmuş, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmiş, 5 mindən çox qiymətli və nadir eksponat Ermənistana daşınmışdır. Azərbaycan ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra isə illərdir ki, erməni vandalizminə göz yuman dünya birliyi, xüsusilə də erməni təəssübkeşləri Azərbaycanı Qarabağda “erməni mədəniyyətini” məhv etmək kimi cəfəng iddialarla günahlandırırlar.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal