Azərbaycanın inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezidentimiz cənab  İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edən müstəqil siyasət yürütdü. Bunun üçün iqtisadi müstəqilliyə nail oldu, transmilli layihələri gerçəkləşdirdi.

Qeyd edim ki, Prezidentimiz cənab İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyilə ölkə başçısı seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları reallaşdırılmağa başladı. Buna misal olaraq, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı göstərmək olar. Bu proqram regionlarda istehsal sahələrinin yaradılmasını, iş yerlərinin açılmasını, yolların çəkilməsini, içməli su ilə təchizatın həyata keçirilməsini, orta və kiçik sahibkarlığın dəstəklənməsini və beləliklə də, insanların rifah halının yüksəldilməsini özündə ehtiva edir.

Prezident cənab  İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.Azərbaycan Prezidenti cənab  İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.

Prezidentimiz  cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. Tarixinin ən qüdrətli Azərbaycanını yaradan İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günündən Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həllini qarşıya məqsəd qoydu. Yeni vətənpərvər gənc nəslin iştirakı ilə möhtəşəm ordu yaratdı, ən müasir texnika ilə silahlandırdı, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məhv edərək düşmənə kapitulyasiya aktını imzalatdırdı. İlham Əliyevin ölkəyə rəhbərliyinin 19 ilində Azərbaycan möhtəşəm nəticələrə nail olub.

Bu gün Avropa və dünya Azərbaycana ciddi ehtiyac duyur, onunla əməkdaşlığa can ataraq müəyyən fayda görür. Bütün bunlar müdrik, düşünülmüş, uzaqgörən və cəsarətli siyasətin bəhrələridir.

Bütün addımlarında məqsəd dövləti gücləndirmək, xalqın arzu və istəklərini həyata keçirmək, rifahını yüksəltmək oldu. Daim arxasında Azərbaycan xalqının dəstəyini, etimad və etibarını, sevgisini hiss edən Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova