Azərbaycanın şanlı Ordusu 1993-cü il 23 avqust işğal tarixinin üstündən bir xətt çəkərək, üzərinə 2020-ci il 17 oktyabr zəfərini yazdı. Bəli, Ordumuz Füzuli şəhərini öz sahiblərinə qaytardı və 27 il düşmənin tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edilib. Əslində çoxdan gözlənilən Füzulinin azad edilməsi böyük perspektivlərdən xəbər verdi. Çünki bu şəhər işğal olunanda deyilirdi ki, Cəbrayıl, Zəngilan və Qubadlı mühasirəyə salınır. Füzulinin azad olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar açdı.

Füzulinin işğal olunması ilə dünya növbəti erməni vandalizminin klassik nümunəsinin şahidi olmuşdu. İşğal edilən Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyulmuşdu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin düşmüşdü. Füzulinin işğaldan azad olunması avtomatik olaraq Qubadlı və Zəngilanın da azad edilməsi üçün böyük imkanlar açırdı.Bu sırada əsas əhəmiyyət Cəbrayıla verilmişdi və ardınca Füzulinin azad edilməsi həmin rayonların qısa zamanda nəzarətimizə keçməsi demək idi.

Çünki ermənilər Araz boyunca uzun müddət davam gətirə bilməzdilər. Bu istiqamətdə əsas yol Füzulidən keçirdi. Oranın relyefi elə idi ki, silah, yanacaq, sürtkü materialları, ərzaq Füzulinin ərazisindən ermənilərə gedirdi. Artıq Füzuli azad olunubsa, düşmən məcbur qalaraq ya İran ərazisindən hansısa çarə qılmalı, ya da orada məhv olmalı idi.  Odur ki, Füzulinin azad edilməsinin böyük əhəmiyyəti var idi.

Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.Fizulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, qələbələr olub.Onların sırasında Fizulinin azad edilməsi xüsusi yer tutur. 17 oktyabr nəinki fizulilərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır. İşğaldan azad olunmuş doğma torpaqlarına qayıdan on minlərlə qaçqın və köçkünlər bu ərazilərdə başlanmış geniş miqyaslı tikinti quruculuq işlərində yaxından iştirak edəcəklər.

 

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin psixoloqu- Arzu Musayeva