44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün hazır olduqlarını bildirirlər. Azərbaycan Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsi başlayan gündən dünyanın güc balansını dəyişmək iqtidarında olan dövlət başçıları ilə görüşlərində, beynəlxalq tədbirlərdə, simpozium və konfranslarda çıxışlarında, diplomatlar, jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə bildirmişdir ki, Azərbaycan öz əzəli dədə-baba torpaqlarının bir qarşını da ermənilərə güzəştə getməyəcəkdir. Bu məsələdə Azərbaycan haqqın, ədalətin və sülhün tərəfdarıdır. Tarixi ədalətin bərqərar olması və region dövlətlərin iqtisadi inkişafına töhfələr verəcəyi baxımdan Azərbaycan Prezidentinin israrlı mövqeyi sayəsində sülh müqaviləsinin bağlanması ilə Zəngəzur dəhlizinin açılması zamanın tələbidir. Bu prinsiplər dəfələrlə açıq şəkildə Ermənistan rəhbərliyinə açıqlanıb ki, 10 noyabr Bəyanatında qeyd edilən bütün maddələr beynəlxalq hüquqa və hər iki tərəfin ərazi bütövlüyünə uyğundur. Görünür onlar bunu tam dərk edə bilmir, ya da bilərəkdən dərk etmək istəmirlər.
Ermənilər ikibaşlı oyun oynamaqla, özləri də yaxşı bilirlər ki, sadəcə prosesi ləngidir, heç kimə faydası olmayan mənasız hərəkətlər edirlər. Ermənistan rəhbərliyi hər gün fərqli fikirlərlə onsuz da erməni xalqının xəyalpərvərlik ucbatından çətinliklərlə üzləşən düşüncələrini bir qədər də bulandırır. Dəfələrlə deyildiyi kimi, əgər ermənilər doğru seçim etsələr, bu, onların iqtisadiyyatı üçün faydalı ola bilər. Beləliklə, əhalinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəs üçün sirr deyil. Lakin ölkə daxilindəki xaosu, anarxiyanı həll etmək görünür, o qədər də asan olmayacaq. Qısası, bu ölkədə hər ağızdan bir avaz gəlir. Belə olan halda xalq da nə edəcəyini, kimə inanacağını bilmir. Görünən odur ki, nə olursa-olsun Ermənistan üçtərəfli Bəyanatın müddəalarını icra etməlidir. Çünki buna məcburdur. Ermənistan indiki mərhələdə istəsə belə sülh danışıqlarına və dəhlizin açılmasına etiraz edə, dirəniş göstərə bilməz. Çünki bu, indiki mərhələdə nə Rusiyanın, nə də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Onu da xatırladaq ki, bu məsələdə artıq ermənilərin başqa seçim haqqı yoxdur.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru