Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüşləri, əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasətin növbəti böyük uğuru kimi dəyərləndirilir.

Milli Məclisin deputatı Praqa görüşünün nəticələrini Azərbaycanın növbəti diplomatik qələbəsi kimi dəyərləndirib: “Prezident İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi. Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Azərbaycanın televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib. Güman edilirdi ki, Ermənistan və Fransa sərhəddə baş vermiş insidentlərə görə Azərbaycana təzyiq göstərəcəklər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi – 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Tərəflər bildiriblər ki, bu bəyanat delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu komissiya ilə əməkdaşlığa hazırdır. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq. Bəyanatda qeyd edildiyi kimi, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir”.

Qarayeva Gülbəniz

Saatlı şəhər Bülbül adına UMM-nin fortepiano müəllimi