Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir.

Bu günlərdə cənab Prezident İlham Əliyev Bolqarıstanda çox zəngin proqramla rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkəmizin rəhbərinin keçirdiyi mühüm görüşlər və iştirak etdiyi tədbirlər Azərbaycan-Bolqarıstan əlaqələrinin, eləcə də ölkəmizin Avropa ölkələri ilə əməkdaşlığına çox mühüm töhfə vermiş oldu. Bu  səfərin geosiyasi, iqtisadi, tarixi və mədəni-humanitar baxımdan əhəmiyyəti haqqında günlərlə danışmaq olar. Son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Cənab Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir. Səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın güclənməsinə böyük təkan vermişdir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlığı daha da inkişaf etdirib.

Azərbaycan-Bolqarıstan münasibətləri cənab Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq, indiki şəraitdə bu əhəmiyyət daha da artmaqdadır. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Dövlət başçımız bildidrib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır.

İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır: dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı və s. Bütün bu infrastruktur obyektlərinin yaradılması Azərbaycan üzərindən tranzit yüklərin daha da artırılması məqsədinə xidmət edir. İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Belə ki, Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər. Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri də Azərbaycan dilinə tərcümə edilib.

Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycanın Cənub Qaz Dəhlizini başlayan tərəf olmağından qürur hissi duyduğunu vurğulayaraq, onun Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihə olduğuni və Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql ediləcəyini qeyd etdi. Belə ki, bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı idi. Lakin yaxın vaxtlarda Azərbaycanın bir neçə digər qaz yatağından hasilatın başlayacağı və təchizatın həcminin artırılması gözlənilir”.

Qürurla deməliyik ki, Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlardan biri hesab etmək olar. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda fəxarət hissi oyadır. Bütün bunlar isə həm dövlətimizin, həm də xalqımızın beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq, etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə göstərir.

 

       Nicat Əhmədzadə

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı