Cəbrayılın azad edilməsi uğrunda Azərbaycan Ordusunun ilk qələbələrini hələ 5 il bundan əvvəl qazanmışdır. Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Rayonun işğaldan azad olunması uğrunda döyüşlər isə faktiki olaraq artıq beş il bundan əvvəl başlamışdı. Möhtəşəm 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbə idi. Əlbəttə, ermənilər hər zaman olduğu kimi, o vaxt da Aprel döyüşləri barədə dünyaya yalan məlumatlar yayırdılar. Məsələn, bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və hətta döyüşlərdə özlərini qalib kimi təqdim edirdilər. Lakin həqiqət bu idi ki, Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı Qələbəsi kimi qeyd edilir və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi.

Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyat olduğunu sübuta yetirdi: “Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər.

Qalib Azərbaycan xalqı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Qələbə ilə öz tarixinin ən şərəfli səhifəsini yazdı.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru