Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi

Zaman-zaman şanlı-şərəfli tarixi keçmişi, zəngin təbiəti, məhsuldar torpaqları və üzlərini halallığa söykəyən sakinləri ilə tanınan Cəbrayıl rayonu,  ana Vətənimizin gözəllər-gözəli Qarabağın bir parçası, qəlbimizin hərarəti, gözlərimizin nurudur. Coğrafi ərazisində 4480 hektar çeşidli ağac və bitki növləri ilə zəngin meşə, 58686 hektar əkin və otlaq sahəsi, 1077 hektar meyvə və 5385 hektar üzüm bağları rayonun varı-varidatı idi. Uzaq əsrlərdən soraq verən Xudafərin körpüləri, bənzərsiz qədim memarlıq abidələri, yaşı lliklərlə ölçülən nəhəng çinar ağacları, 118 kəhriz,  99 bulaq rayonumuzun adını dillər əzbəri etmişdi. Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ölkəmizin inzibati xəritəsində 1050 kv.km. ərazisi olan rayonumuz 29 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Tarixi düşmənlərimiz tərəfindən ata yurdumuzun işğalı nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmışdır. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü, 28 su anbarı, 32 nasos stansiyası, 65 km qaz kəməri, 11 tikinti müəssisəsi düşmən əlinə keçmişdir. Rayon işğal edilərkən əhalinin şəxsi təsərrüfatında olan 26 min başdan çox iri, 53224 başdan çox xırdabuynuzlu heyvanlar qarət edilmişdir.

Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı