Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.

Ümummilli liderin fərmanı ilə 1 Avqust ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur. Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.

Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə ədəbiyyatımızı, kimliyimizi tanıtmışıq, bu dil ilə dünyaya müstəqilliyimizin əbədiliyini elan etmişik.

Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən sərvət, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən biridir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb. Ulu öndər Heydər Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edilsə də, icrası illərlə uzandı. Nəhayət, Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən bu proses tam gerçəkləşdi. Həmin ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Ulu öndər Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, ərəb əlifbası yüzillər boyu müsəlman Şərqi xalqlarının ümumi yazı sistemi kimi formalaşıb, o cümlədən Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri bu əlifbada yazılan əsərləri ilə bəşər sivilizasiyasını zənginləşdiriblər. Lakin ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib.Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildi. Fərmanda yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu vurğulanaraq avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edildi. Bu gün də əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezidentimiz  cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə nümayiş etdirilən mədəni irsimiz dünyaya çıxarılır.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru – Sabir Əhmədov