“Güclü dövlət, yüksək rifah” prinsipi dövlət siyasətinin əsasında dayanır
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Həmçinin bu tezisi irəli sürdü ki, neft kapitalı insan kapitalına çevrilməlidir. Son 18 ildən artıq dövrdə Azərbaycanın bu hədəflərə nail olmaq istiqamətində atdığı addımlara və əldə edilən uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Azərbaycan bu gün qeyri-neft sektorunun inkişafı ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev regionların malik olduğu potensialdan səmərəli istifadəni qarşıya əsas vəzifə kimi qoydu. Ölkə Prezidenti “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” fikirləri ilə son 18 ildən artıq dövrdə görülən işlərin aydın mənzərəsini yaradır. 2004-cü ildə birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır.
Dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha regional inkişaf proqramlarının uğurlu nəticələrindən bəhs edərək tapşırıqlarını verdi, məmurlara növbəti xəbərdarlığını etdi: “Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı uğurla icra edildi, 4-cü sənədin icrası davam edir. Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Hər bir bölgənin inkişafında əhəmiyyətli rol oynayan infrastruktur tamamilə yenilənib, müasir tələblər səviyyəsində yenidən qurulub. Görülən işlər sahibkarlığın inkişafına geniş imkanlar açır. Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir. “ASAN xidmət”, Ailə Biznesinə Asan Dəstək (ABAD), Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərinin sayının artması da hədəflərə yönələn addımlardandır. Bu günün əminliklə qeyd etdiyimiz reallıqları sırasında şəhərlə kənd arasında fərqin aradan götürülməsi məhz Regional inkişaf proqramlarının uğurlu icrasının nəticəsidir”.
“Dövlət başçısı İlham Əliyev bu inkişafı uğurla davam etdirmək üçün rayon rəhbərliyinin özünün də təşəbbüslərinin olmasının vacibliyini bildirdi” ,- söyləyən millət vəkili qeyd edib ki, təsdiqlənən Dövlət proqramları ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçılarının da təşəbbüslərinin olması, onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılması rayonların dayanıqlı inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan ki, hər bir rayon özünəməxsus iqtisadi potensiala, turizm imkanlarına malikdir. Bu gün bölgələrimizin sürətli inkişafı üçün bütün imkanlar mövcuddur.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı