Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı neçə il sahilyanı ölkələr arasında danışıqlar aparılmışdır. Uzun danışıqlardan sonra 2018-ci ildə tərəflər arasında Xəzərin statusuna dair Konvensiya qəbul olundu. Əldə olunan istənilən razılaşma ümumən sahilyanı ölkələrin xeyrinədir. Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır. Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub. Xəzər dənizinin bütün sərhədyanı dövlətlər üçün strateji əhəmiyyəti var. Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Bəhriyyə Rəhimova
Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi