Beynəlxalq nəqliyyat qovşağı

İndiki siyasi vəziyyət, dünyada gedən proseslər Xəzər hövzəsində əməkdaşlığı zəruri edən amillərdən biridir. Ona görə də Xəzərin hüquqi statusuna dair müzakirələrin nəticələri təsdiqlənməli və həyata keçirilməlidir. Bu baxımdan VI Zirvə Toplantısında Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmləndirilməsinə dair atılan addımlar, imzalanmış sazişlər təqdirəlayiq hesab olunmalıdır. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlərin qüvvəyə minməsi Xəzər hövzəsində əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
VI Zirvə Toplantısında cənab Prezident İlham Əliyevin çıxışı, vəziyyəti dərindən təhlil etməsi, gələcək fəaliyyətdə üstün tutulmalı olan məsələrin analizi də diqqət mərkəzində olmuşdur. Cənab Prezident qeyd etdi ki, “Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”.
Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşdiyindən mühüm əhəmiyyət daşımaqla bərabər, həmin nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsi olub. İldən ilə bu limana gələn tranzit yüklərin həcmi artır. Zəngəzur dəhlizinin reallığa çevrilməsi də bu sahədə əməkdaşlığı və inkişafı təmin edəcəkdir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərin həyata keçirilməsi gələcəkdə çox mühüm əhəmiyyət kəsb edəcək, Xəzər hövzəsi ölkələrinin logistika imkanlarını genişləndirəcəkdir.
Sonda qeyd etmişdir ki, “son dövrlərdə Xəzərdə olan ekoloji problemlər bütün sahilyanı dövlətləri, o cümlədən Azərbaycanı ciddi şəkildə narahat edir. Bu toplantıda qəbul olunan qərarlar, imzalanmış sazişlər həm qeyd edilən problemlərin həlli, həm də Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üçün imkanlar yaradacaqdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal