Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

 Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası işə başlayıb. Sessiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev videoformatda çıxış edərək qeyd etmişdir : azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi