Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə Prezidenti seçildikdən sonra əvvəlki iqtidarlardan xalqımız üçün hansı problemlərin miras qaldığı hamıya məlum idi. Torpaqlarımızın işğalı, on minlərlə şəhid və döyüş əlillərinin olması, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi həmin iqtidarların səriştəsiz idarəçiklərinin məntiqi nəticəsi idi. Orta və yuxarı yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu problemlərin həlli üçün hansı əziyyətlərə qatlaşdığının şahidi olublar. Məhz Ulu Öndərin idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti boyu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bütün dünyaya çatdırır, beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Bu zaman Ulu Öndərin istinad etdiyi əsas sənədlər BMT-nin 4 qətnaməsi idi.

Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Ulu Öndər Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru