Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, Prezident cənab İlham Əliyevlə görüşü, Şuşa Bəyannaməsinin imzalanması və mətbuata bəyanatların verilməsi, eyni zamanda, “Xan qızı” bulağını ziyarət, Cıdır düzündə tədbirlərin təşkili bir daha iki qardaş ölkənin uğurunun sevincinin paylaşdığını göstərir.

2021-ci il iyunun 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var. Bu sənədin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu tarixi Bəyannamə hərbi, siyasi, mədəni, iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir. Eyni zamanda sənədin ən mühüm müddəalarından biri də tam şəkildə təhlükəsizliklə bağlı olan bənddir.  Belə ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə iki dövlətin birgə fəaliyyəti nəzərdə tutulur.

Şuşa bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər.

Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır. Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa bəyannaməsi Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq.   Şuşa Bəyannaməsinin daha bir əhəmiyyəti onun ölkəmizin siyasi partiyaları və ictimai birlikləri tərəfindən dəstəklənməsidir. Təsadüfi deyildir ki, Bəyannamə imzalandıqdan sonra  ölkədə fəaliyyət göstərən 48 siyasi partiya siyasi həmrəylik nümunəsi göstərərək birgə bəyanatla çıxış etmiş və  bu sənədin dəstəklədiklərini bəyan etmişlər.

Zeynalov Səlim – Zərdab rayon Dəkkoba kənd tam orta məktəbinin direktoru