Qurtuluşdan Şuşa Zəfərinə uzanan şərəfli tarix

Hər bir xalqın tarixi, gələcəyi üçün olduqca vacib, həlledici günlər olur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu Azərbaycan xalqı üçün məhz belə günlərdən biridir. Milli Qurtuluş Günü tarixi nöqteyi-nəzərdən böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Düz 29 il əvvəl – 1993-cü ilin iyununda Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qalmışdı. Həmin günlərdə dövlətçiliyimizin ölüm-dirim mübarizəsi gedirdi…

1993-cü ilin iyun ayının əvvəllərində isə vəziyyət daha da kəskin hal aldı. İyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürüklədi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi  Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı.

Vəziyyətin bu qədər ağır olmasına rəğmən, xalq, xüsusən də ziyalı təbəqəsi  yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyətin Ümummilli Lider Heydər Əliyev olduğunu başa düşürdü. O zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ötən il iyunun 15-də isə daha bir mühüm tarixi hadisə baş verdi ki, bunu qeyd etməmək olmaz. Belə ki, Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycanla qardaş Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Bu hadisənin Qurtuluş, eləcə də Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin isə xüsusi rəmzi mənası vardı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri