“BÖYÜK QAYIDIŞ” DEDİYİMİZ PROSESƏ START VERİLDİ

 

Prezidentimiz  cənab  İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdi. Dövlət başçısı Ağalı kəndinin sakinləri ilə görüşdəki çıxışında mühüm mesajlar verdi. Ölkə başçımız çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Müstəqillik Günü ilə bağlı fikirlərini bildirib, mövcud reallıqlara toxunub: “Dövlət başçısı bəyan etdi ki, əsil müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşub. Doğurdan da əldə etdiyimiz tarixi Zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin olmaq olur ki, bu tarixi Zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi. Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi”.

Hazırda   Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb: “10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol-nəqliyyat və enerji kommunikasiyası meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib, Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Zəngilandan mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət, ədalətə istinad edilərək verilirdi.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi- Xanım İmanova