Dünyanın siyasi xəritəsində Heydər Əliyev zirvəsi

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir.Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası və qətiyyəti müasir Azərbaycan dövlətini qüdrətləndirərək regionun güc və nüfuz mərkəzinə çevirdi. Dünya şöhrətli böyük Qırğız yazıçısı və diplomatı Çingiz Aytmatov çox haqlı qeyd edirdi ki: “Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir”. Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək, yeni tariximizi öz əlləri ilə yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar edir, ulu öndərə arxalanırdı. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ən ağır günlərində xalq yalnız onu axtarmış, ona pənah aparmışdı. Böhranlı məqamda xalqının səsinə səs vermiş, ölkəni müstəqilliyini yenidən itirmək təhlükəsindən xilas edərək Azərbaycanı sabit və inkişaf edən dövlətə çevirmişdir.O, türk dünyasının əzəmətli övladı idi.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini vermişdir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktoru- Babək Mikayılov